BAKI, 18 dekabr — Sputnik. MDB ölkələrinin hökumət başçıları mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinə dair birgə bəyanat imzalayıblar. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Bu gün keçirilən görüşün yekunu olaraq hökumət başçıları mədəni-humanitar sahədə əməkdaşlığın perspektivlərinə dair bəyanat imzaladılar ki, bu da bizi mədəniyyətlərarası dialoqun davam və inkişaf etdirilməsi, təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədi daşıyır", - Overçuk bildirib.
O qeyd edib ki, bəyanatda mədəniyyət sahəsində institusional əməkdaşlığın inkişafına aid ayrıca hissə var.
"Burada turlar, kinofestivallar, sərgilər - ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq müxtəlif mədəni tədbirlər keçiriləcək", - Rusiya baş nazirinin müavini əlavə edib.
Dekabrın 18-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. Görüş ölkələr arasında mədəni və humanitar əməkdaşlığın inkişafına həsr olunub.