TƏHSİL

Kollec məzunları olmayanlar bağçada işləyə bilməyəcəklər?!

Ekspert hesab edir ki, Nazirlik qanunvericilik dəyişməmiş kollec məzunu olan bağça müəllimlərini işə götürməkdən imtina edə bilməz.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayevin kollec məzunu olan bağça müəllimlərini ali təhsilli müəllimlərin əvəzləyəcəyi barədə açıqlaması neçə-neçə orta ixtisas təhsilli bağça müəllimini narahat edib.
Kollec məzunu olan bağça müəllimlərindən biri - Xəyalə Mahmudova Sputnik Azərbaycan-a bildirib ki, 2004-cü ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumun məktəbəqədər pedoqoji təhsil ixtisasını bitirib. "Belə çıxır ki, mən bu yaşımda yenidən öz ixtisasım üzrə ali təhsil almalıyam?", - Xəyalə Mahmudova nazirin dediklərindən narahatlığını dilə gətirib.
"Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz.
"Biz az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir. Biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqların inkişafını təmin edə bilmərik. Mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.
Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq uzun müddətdir ibtidai təhsil üçün orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq" - nazir qeyd edib.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkədə 1693 dövlət uşaq bağçası, 110-dan artıq özəl bağça fəaliyyət göstərir. Bağçalarda tərbiyəçi işləyənlərin mütləq əksəriyyəti kollec məzunlarıdır. 2016-cı ildə qəbul edilmiş qanunun tələblərinə əsasən məktəbəqədər təhsil üzrə tərbiyəçi vəzifəsinə ali və orta ixtisas təhsili olanlar qəbul edilir.
Bağça müəllimlərinin 1%-nin ümumiyyətlə təhsili yoxdur
"Nazirin dediyi məsələ gözləntilərdir. Bu o demək deyil ki, kollec məzunu olan bağça müəllimləri işləyə bilməyəcəklər. Hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən uşaq bağçalarına işə qəbul zamanı kollec məzunlarına imtina verilə bilməz. Məktəbəqədər təhsil təhsilin təməl mərhələsi olduğundan, burada əldə edilən biliklər şagirdlərin gələcəyi üçün vacibdir. Aparılan tədqiqatlar göstərir ki, uşaq bağçaları və körpələr evində işləyənlərin 60 faizə qədəri ümumiyyətlə bu sahə üzrə ixtisaslı kadrlar deyil. 1 faizin isə ümumiyyətlə orta ixtisas təhsili belə yoxdur. Bu, ciddi və narahatedici faktdır" - K.Əsədov bildirib.
O əlavə edib ki, Azərbaycan yanaşmasına görə, bağçalar uşaqların yeməsi, oynaması üçün dayə xidməti göstərən bir yerdir: "Amma bu, birmənalı olaraq belə deyil. Məktəbəqədər təhsil təhsilin bir pilləsidir. Uşaq bağçalarının sayı bağça yaşlı uşaqların 30 faizini əhatə etdiyindən, biz məktəbəqədər təhsili ayrıca pillə olaraq götürə bilmirik. Bağçalarda tərbiyəçi işləyən şəxslərin bilik və bacarıqları daha yüksək olmalıdır. Kolleclər isə həmin bilik və bacarığı verə bilmirlər. Ona görə də nazir uşaq bağçalarında işləyən pedoqoji heyətin daha yüksək bilik və bacarığa malik olmasında maraqlıdır. Uşaqlar bağçadan məktəbə gedəndə minimum oxuma-yazma, anlama bacarıqlarına yiyələnməlidirlər. Bu gün bağçalarda uşaqlara bu səviyyədə bilik verilmir. Ona görə bağçalarda ali təhsilli pedoqoqların işləməsi daha məqsədəuyğundur".
Ekspert deyir ki, ilk hədəfdə bağçalarda təhsilsiz şəxslərin pedoqoq kimi fəaliyyətinə son qoyulmalıdır. Hazırki vəziyyətdə isə qanuna dəyişiklik olunmamış kollec təhsilli bağça müəllimləri işdən azad oluna bilməz!
Qeyd edək ki, bir müddət əvvəl 5800 bağça müəlliminin müvafiq sahə üzrə sənədinin olmadığı aşkarlanmışdı. Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə bildirmişdi ki, 49 faizə yaxın müəllimin məktəbəqədər təhsil üzrə ali təhsilinin olmaması müəyyən edilib.