TƏHSİL

Azərbaycanda pilot məktəblərdə şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyuldu

Nazirlikdən bildirilib ki, əgər şagird məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbə telefon gətirirsə, həmin telefon şagirddən alınıb təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq edildiyi məktəblərdə şagirdlərin sinifə mobil telefonla daxil olmasına qadağa qoyulub. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Elm və Təhsil Nazirliyindən verilən cavabda bildirilib.

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın 5.4-cü bəndinə görə şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu "Qaydalar" hal-hazırda da qüvvədədir. Şagird əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbə telefon gətirirsə, həmin telefon şagirddən alınıb təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır. Bu qayda ancaq pilot olaraq tətbiq edilən məktəblərə aiddir", - deyə cavabda qeyd olunur.

Qeyd edək ki, Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu təsdiqləyib. Telefonlar yalnız fövqəladə hallarda - məsələn, tələbələrin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə edilə bilər.
Məlumat üçün bildirək ki, ötən tədris ilində, şagird davranış qaydaları Respublikanın 300 məktəbində, Bakının 62 məktəbində tətbiq edilib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuata açıqlamasında bildirib ki, pilot şəkildə 300 məktəbdə tətbiq olunan yeni şagird davranış qaydaları ilə bağlı yekun qiymətləndirmə işləri hələ tamamlanmayıb.
Onun sözlərinə görə, nəticədən asılı olaraq məktəb sayının artması nəzərdə tutulur. Məktəb sayının 300-dən 500-ə artırılması hədəflənir.
Xatırladaq ki, ötən il hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutuıub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.