BAKI, 17 dekabr — Sputnik. Yanvarın 1-dən etibarən "Bolt" taksi şirkəti gediş haqqlarının hesablanmasında dəyişiklik edəcək. Bu barədə şirkətin sürücüləri məlumat verib. Məlumata görə ki, yeni ildən etibarən, hər kilometrə görə əlavə 70 qəpik hesablanacaq ki, bu da minimal gediş haqqının ( 2,50 AZN) üzərinə gələcək. Belə ki, 5 manata gedilən hər hansı bir yol, bu hesablamalardan sonra 12-13 manat təşkil edəcək. Bu da 2-3 dəfəyədək bahalaşma deməkdir.
"Bolt" taksi şirkətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, hal-hazırda bu barədə məlumat mövcud deyil.
"Bolt" taksi sürücüsü Tahir Salmanov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gediş haqqının artırılması gözlənilir. Sürücü qeyd edib ki, hazırki gediş qiymətləri aşağı olduğundan, yanvar ayından "Bolt" taksi şirkətinin gediş haqqını artıracağı barədə onlara da məlumat verilib.
Sürücü bildirib ki, hazırki qiymətlərlə işləmək onlara sərf etmir. Çünki, sürücülərin çoxu avtomobili icarəyə götürüb:
Sürücü deyir ki, bəzən elə sifarişlər gəlir ki, həmin sifarişlərdən çox cüzi qazanc qalır. T.Salmanov bildirib ki, sürücülər müştərini mənzil başına çatdırdıqdan sonra onlara gediş haqqının məbləği barədə məlumat gəlir. Bu isə onların aşağı qiymətə sifarişlərdən imtina etməsinə mane olur:
"Biz məcbur oluruq ki, bütün sifarişləri qəbul edək. Çünki gediş haqqının nə qədər olduğunu bilmirik. İmtina etdikdə isə bonus ala bilmirik. Sürücülərin çoxu gündəlik qazancdan əlavə bonus üçün çalışır. Əgər bonus verilməsə taksi sürmək qəti sərf etmir. Ona görə də, qiymətlər qalxarsa, bu, düşünürük ki, bizə verilən bonusa da təsir göstərər".
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksilərdə gediş haqının bahalaşacağı gözləniləndir. Ekspert qeyd edib ki, taksi bazarında rəqabətli mühit olsa da, bazarın böyük oyunçularından biri qiyməti artırarsa, bu, dalqavari digər taksi şirkətlərinin qiymətlərinə təsir edəcək.
İqtisadçı onu da qeyd edib ki, taksilərdə gediş haqqının bahalaşması xəbəri xoş qarşılanmasa da, yeni ildən ərzaqların da qiymətində artım gözləniləndir. Bu da digər sahələrdə qiymətə öz təsirini göstərəcək:
"Yeni ildən ərzaq məhsullarının, ətin qiymətində bahalaşmanın olacağı qaçılmazdır. Hər il yeni ildə ərzaq məhsulları bahalaşır. Artıq indidən bu prosesə başlanılıb. Yeni ildən bu artım bütün məhsulların qiymətində hiss olunacaq. Qiymət artımı dalğasının mart ayında da müşahidə olunacağı proqnozlaşdırılır. Artıq aprel ayından qiymətlərdə tədricən enmələr müşahidə oluna bilər", - deyə ekspert sözünü yekunlaşdırıb.