BAKI, 16 dekabr - Sputnik. Bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadə verilib. Bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılıb.
Qeyd olunub ki, 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışı keçiriləcək.
R.Nəcəfov bildirib ki, bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçilib.
Onun sözlərinə görə, gələcəkdə bu əməkdaşlıq Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcək.
Dövlət Turizm Agentliyi Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edib.
İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə edə biləcəklər.
Mediaturda qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, həmçinin xarici tərəfdaş kurortların nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi “Şahdağ” Turizm Mərkəzində hotellerde gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158 506 nəfər təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.