TƏHSİL

Nazir təhsilin keyfiyyətindən şikayətləndi

Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə bir şagirdin təhsili üçün il ərzində xərclənən vəsaiti açıqlayıb. "Report" xəbər verir ki, nazir Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.
"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır", - o vurğulayıb.
Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: "Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".
Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva yerli KİV-ə açıqlamasında Azərbaycanda məktəblərin özünümaliyyələşdirmə sisteminə keçəcəyini bildirib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub.