BAKI, 15 dekabr — Sputnik. Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Onun sözlərinə görə, azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək.
Azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək məktəblər aşağıdakılardır:
Zəngilan rayon Ağalı kand tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kand uşaq bağçası - 1 qrup)
Tərtər rayon Talış kand tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup)
Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim
Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim
Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim.
Şuşa şəhər 1 nömrəli məktəbin açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir.