TƏHLİL

Yaxın Şərqin dollardan imtinası: ərəblər niyə ABŞ valyutasından imtina edirlər

Yaxın Şərq regionunun aparıcı iqtisadiyyatları olan Səudiyyə Ərəbistanı və BƏƏ xarici ticarət tərəfdaşları ilə dollara alternativ valyutalarda münasibətlər qururlar.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Dünyanın bir çox ölkələrində və beynəlxalq ticarət münasibətlərində müşahidə olunan ABŞ valyutasından imtina prosesi xüsusilə Yaxın Şərq regionunda geniş vüsət alır.
Belə ki, bu regionun aparıcı iqtisadiyyatları olan Səudiyyə Ərəbistanı və BƏƏ xarici ticarət tərəfdaşları ilə dollara alternativ valyutalarda münasibətlər qurur və bu ölkələrin BRİKS-ə (bu assosiasiya Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir) qoşulması ilə bu proses daha da sürətlənir.
Beləliklə KİV-in məlumatına görə, BƏƏ BRİKS-ə qoşulduqdan sonra dollara alternativ valyutalarda, xüsusən də Çin, Hindistan, Rusiya və İran kimi assosiasiya tərəfdaşları ilə neft satışı üzrə əməliyyatları genişləndirir.
Digər tərəfdən, son vaxtlara qədər ABŞ-ın Yaxın Şərq regionunda bir nömrəli tərəfdaşı olan Səudiyyə Ərəbistanı da ticarət razılaşmalarında Çin yuanına üstünlük verir və daxili ticarət müqavilələrində dolların rolunu azaldır.
ABŞ Səudiyyə Ərəbistanının ümidlərini doğrultmayıb
Səudiyyə Ərəbistanından neft hasilatı və ixracı başlayandan bəri Vaşinqton və Ər-Riyad arasında razılaşma mövcuddur: ABŞ dollardan neft dəstəyi müqabilində Krallığın təhlükəsizliyini təmin edir. Belə ki, Səudiyyə Ərəbistanının bütün milyardlar dəyərində olan neft müqavilələri illərdir ki, ABŞ valyutası ilə bağlanıb, bu da dünya valyuta bazarında dollara daimi dəstək verib. Eyni zamanda, Səudiyyə Ərəbistanı bütün bu illər ərzində ABŞ dövlət istiqrazlarını fəal şəkildə alıb ki, bu da dolların dəyərini dəstəkləməklə yanaşı, ABŞ iqtisadiyyatına da güclü dəstək verib.
Bu cür iqtisadi dəstəyə cavab olaraq Səudiyyə Ərəbistanı ABŞ-dan üç əsas bənd üzrə öhdəlikləri yerinə yetirməsini gözləyib:
müasir silah sistemlərinin satışı da daxil olmaqla, ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiə və təhlükəsizliyinə yardımı;
İrandan Krallığa qarşı təhdidlərin qarşısını almaq üçün güclü və effektiv addımlar;
Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulması ilə bağlı məsələləri tənqid etməkdən imtina.
Qeyd etmək lazımdır ki, Vaşinqton Ər-Riyadı hər üç bənddə məyus edib: Co Bayden administrasiyası Krallığa silah satışını dondurdub, Səudiyyə Ərəbistanı İranla münasibətləri ABŞ olmadan da həll edib, insan hüquqlarının pozulması və səudiyyəli jurnalist Cemal Qaşıqçının İstanbuldakı konsulluqda öldürülməsi dəfələrlə amerikalıların Səudiyyə hakimiyyətinin tənqidinə səbəb olub.
Beləliklə, ABŞ-dan gözlənilən geosiyasi dəstəyi almayan Səudiyyə Ərəbistanı Vaşinqtondan uzaqlaşmaq və ABŞ valyutasının milli iqtisadiyyatdakı hökmranlığından tədricən imtina etmək siyasəti yürütməyə başlayıb.
Birja, arxiv
Bununla yanaşı, region ölkələri ilə, xüsusən də Çin və Rusiya ilə yaxınlaşma Ər-Riyada iqtisadiyyatın daha inamla dollardan uzaqlaşmasına imkan verib. Belə ki, noyabrda Çin və Səudiyyə Ərəbistanı arasında rial və yuanla həyata keçiriləcək təxminən 7 milyard dollar dəyərində valyuta svopuna (mübadilə) dair saziş imzalanıb. Ekspertlər bunu Çin-Səudiyyə ticarət münasibətlərinin dollardan imtina məsələsində mühüm addım hesab edirlər.
Bundan əlavə, Çin bir neçə il bundan əvvəl Krallığın əsas xarici ticarət tərəfdaşı kimi ABŞ-ı əvəz edib və iki ölkənin ticarət dövriyyəsi ötən ilin nəticələrinə görə 100 milyard dolları ötüb. Ölkələr arasında hesablaşmalarda milli valyutalara tam keçid halında ABŞ valyutası yüz milyard dollar dəstəyini itirəcək, Səudiyyə Ərəbistanı isə əgər neft-qaz əməliyyatlarında tamamilə alternativ valyutalara keçsə dolların dünya bazarındakı statusu çox sarsılacaq.
Dirhəm dollarla rəqabət apara bilər
Yaxın Şərq regionunun ənənəvi iqtisadi lideri və Səudiyyə Ərəbistanının rəqibi olan BƏƏ də xarici ticarət fəaliyyətindən dollardan imtina edilmə istiqamətində də işlər aparır. Belə ki, BƏƏ neft və qazı ABŞ valyutası ilə satmaqdan imtina etməklə yanaşı, BRİKS alyansının üzvü olan və dolardan imtinanın tərəfdarları olan Çin, Rusiya və Misir kimi ağır çəkili dövlətlər də daxil olmaqla, 15 ölkə ilə potensial neft və qaz müqavilələrini nəzərdən keçirir.
BƏƏ-nin dollardan uzaqlaşma cəhdləri həm də ölkənin öz valyutasını alternativ ticarət aləti kimi irəlilətmək məqsədi ilə bağlıdır. Belə ki, bu yaxınlarda məlum olub ki, Rusiya və Hindistan neft ticarətini Əmirlik dirhəmləri ilə aparırlar.
Analitiklər hesab edirlər ki, dirhəm bir sıra səbəblərə görə neft-qaz sazişlərində dolların əsas rəqiblərindən birinə çevrilə bilər. Xüsusilə, BƏƏ dirhəmi Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi sabitliyi, onların zəngin qızıl-valyuta ehtiyatları və Dubayın regionun əsas maliyyə mərkəzinə çevrilməsi sayəsində uzun illər ərzində öz dəyərini qoruyub saxlayan olduqca qiymətli valyutadır.
Dirhəmə BƏƏ-nin neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi yüksək gəlir də böyük əhəmiyyət kəsb edir ki, bu da on milyardlarla dollar təşkil edir. Sabit dirhəm beynəlxalq müqavilələrdə istifadə üçün Çin yuanı ilə də rəqabət apara bilər.
Dirhəm üçün açılan perspektivləri dərk edən BƏƏ hakimiyyəti beynəlxalq müqavilələrini dollardan imtina etmək siyasətini fəal şəkildə həyata keçirir, həmçinin tərəfdaşlarını bu prosesə, o cümlədən BRİKS çərçivəsində cəlb edirlər.
Yaxın Şərqin üçüncü iqtisadi nəhəngi Qətər də qonşularından heç də geri qalmır. Bu ölkədə dollardan imtina prosesi BƏƏ və Səudiyyə Ərəbistanı ilə müqayisədə daha ləng getsə də, ölkənin beynəlxalq ödənişlərində dolların payının azalması tendensiyası aydınlaşır.
Belə ki, Qətər və Rusiya ikitərəfli hesablaşmalarda dollardan imtina etməyi və Rusiya rublu və Qətər rialına keçidi müzakirə ediblər. Bu məsələ bu ilin iyununda Rusiyanın Baş naziri Mixail Mişustinin və Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdülrəhman Əl-Taninin görüşü zamanı qaldırılıb.
Mişustin o zaman bildirib ki, milli valyutalara keçid "yeni birgə layihələrin başlanmasını daha fəal şəkildə stimullaşdırmaq" məqsədi daşıyır.
Səudiyyə Ərəbistanının Əl-Huta neft yatağında Səudiyyə Ərəbistanının Aramco neft şirkətinin əməkdaşı
Amerikalılar özləri öz valyutalarının imicini korlayıblar
Dünya iqtisadiyyatında dollardan imtina prosesinə ABŞ-ın sanksiya siyasəti təkan verib. Rusiyaya qarşı sanksiyalarının dolların nüfuzuna mənfi təsirini ABŞ-ın özündə də etiraf edirlər. Belə ki, ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen iyun ayında bildirib ki, ABŞ sanksiyaları ölkələri dollara alternativ axtarmağa vadar edir.

"Doğrudur, biz sanksiyalar tətbiq etdiyimiz zaman bu sanksiyaların onlara qarşı tətbiq olunacağından qorxan ölkələr sövdələşmələrin həyata keçirilməsi üçün dollardan başqa alətlər axtarmağa məcbur olurlar", - deyə Yellen bildirib.

Bir sıra ölkələrin gələcəkdə sanksiyalardan yayınmaq, habelə dollarla əməliyyatlar apararkən ABŞ maliyyə qurumlarının total nəzarətindən xilas olmaq cəhdləri ABŞ valyutasının ümumi dünya ticarətində və dövlətlərin valyuta ehtiyatlarında payını azaldıb. Belə ki, əgər 2000-ci ildə dollar ümumi dünya valyuta ehtiyatlarının təxminən 73%-ni təşkil edirdisə, bu gün bu pay təxminən 59%-ə qədər azalıb.
Ekspertlər hesab edirlər ki, dünyada dollardan imtina etmək prosesi davam edəcək, Yaxın Şərq regionu isə bu trendə nəinki uyğun olacaq, hətta özü istiqamət verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.