BAKI, 14 dekabr — Sputnik. Tibbi sığorta ilə bağlı göndərişlərin verilməsində yenilik edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. Belə ki, vətəndaş vaxt itkisi olmadan qonşu TƏB-lərə getmək məcburiyyətində qalmayacaq.
Qeyd edilib ki, Agentlik tərəfindən göndərişlərin verilməsi qaydasındakı əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir:
"Məsələn, əvvəlki qaydaya görə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi.
Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.
Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir".
Digər yenilik ondan ibarətdir ki, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində (məsələn, Mingəçevirdə) xidmətdən yararlana bilmirsə (tibbi avadanlığın işlək vəziyyətdə olmaması, müalicə həkiminin işdə olmaması, fors-major hallar və s.) bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir (yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır).
Qeyd edək ki, ümumilikdə 14 TƏB var. TƏB TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. TƏB-in inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.