BAKI, 14 dekabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumunda çıxışı zamanı "Sülh kəsişməsi" layihəsi ilə bağlı danışmışdı. Son zamanlar Ermənistan rəsmiləri keçirdikləri bütün görüşlərdə "Sülh kəsişməsi"nin təbliği lə məşğuldur.
Bəs "Sülh kəsişməsi" layihəsi özündə nəyi ehtiva edir?
"Sülh kəsişməsi" Ermənistanın nəqliyyat qovşağına çevirmək istəyinin bir hissəsidir". Bunu Sputnik Azərbaycan-a politoloq Samir Hümbətov deyib.
Politoloq Samir Hümbətov deyib ki, "Sülh kəsişməsi" Ermənistanın nəqliyyat qovşağına çevirmək istəyinin bir hissəsidir".
Samir Hümbətov qeyd edir ki, Paşinyan hakimiyyəti üçtərəfli bəyanata uyğun olaraq Ermənistan ərazisindən keçən nəqliyyat marşurutlarına Rusiyanın nəzarət etməsini istəmir:
"Digər məsələ isə Ermənistanın iddiaları ilə bağlıdır. Ermənistan təkcə Şərqdən Qərbə gedən deyil, həm də Şimaldan Cənuba gedən nəqliyyat kommunikasiyasını öz ərazisindən keçirməyə çalışır. Bununla Ermənistan tərəfi ikibaşlı oyun oyanmış olur".
Politoloqun sözlərinə görə, Ermənistan üçtərəfli bəyannaməni qüvvədən düşmüş hesab edir: "Ermənistanın bu niyyətlərinin arxasında həm də Qərb dayanır. Qərb istəyir ki, Ermənistanın əli ilə bölgədən Rusiyanı sıxışdırıb çıxarsın. Qərb kommunikasiyalara nəzarət etmək istədiyini desə, bu böyük bir qalmaqala çevrilə bilər. Qərb Paşinyanı qabağa verməklə Rusiyanı bölgədən çıxarmaq istəyir".
Politoloq hesab edir ki, "sülh kəsişməsi"nə İran hər hansı dəstək verməyəcək: "Əzəl gündən İran bu proseslərdə öz strateji maraqlarını təmin etməyə çalışıb. Belə olduğu təqdirdə İran öz əlindən bu imkanların çıxmasına imkan verməyəcək. Düşünürəm ki, bu İranın Ermənistanla münasibətlərinə təsir edəcək".
Millət vəkili Arzu Nağıyev deyir ki, Ermənistan "sülh kəsişməsi"ni kommunikasiyaların təmiri, tikintisi, istismarı ilə bağlı məsələlərlə təqdim edir: "Amma əsas niyyət Rusiyanı proseslərdən kənarlaşdırmaq, regiondan çıxarmaqla bağlıdır. Ermənistan hakimiyyəti iddia edir ki, bu ölkə vasitəsilə müvafiq istiqamətlərdə qısa marşrutlar əldə olunacaq. Bununla həm də Zəngəzur dəhlizi məsələsini gündəmdən salmağa çalışırlar".
Arzu Nağıyev
© Sputnik
Arzu Nağıyev Rusiya ilə bağlı məqamın Qərbin diktəsi ilə atıldığını qeyd edir: "Qərb zaman-zaman Ermənistana dəstək vəd edir, onu yeni təşəbbüslərə sövq edir. Amma reallıq ondan ibarətdir ki, Ermənistanın təqdim etdiyi layihəni icra etmək üçün külli miqdarda vəsait lazımdır. Hazırkı şəraitdə isə bu mümkünsüzdür. Ermənistan rəsmiləri bu baxımdan bütün görüşlərdə bu layihəni təqdim etməklə investisiya əldə etməyə çalışırlar. Əslində Ermənistan yeni bir şey təqdim etmir. Çünki Ermənistan hakimiyyəti bu proseslərdə icraçı rolunda çıxış edir"