CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamilə, 14 yaşadək uşağı olan qadınlara gecə və bayram günlərində işləməyə icazə veriləcək

Azərbaycanda 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Beləliklə, sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Dekabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Musa Quliyev gündəliyə ikinci oxunuşda Əmək Məcəlləsində və "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini deyib.
Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün komitənin müzakirəsinə çıxarılan qanun layihələri barədə ətraflı məlumat verən Musa Quliyev qeyd edib ki, Məcəllənin 5 maddəsinə ümumilikdə 10 dəyişiklik nəzərdə tutulub.
Millət vəkili Musa Quliyev
Bildirilib ki, dəyişikliklər həm mahiyyət və həm də dəqiqləşdirici xarakter daşıyır, dəyişikliklərin hər biri qadınların əmək şəraitinin yaxşılaşdırılması, həmçinin onların iş imkanlarının genişləndirilməsini nəzərdə tutur.
"İşsizlikdən sığorta haqqında" qanuna təklif olunan dəyişikliklərlə bağlı komitə sədri deyib ki, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir. Qanun layihəsinin mühüm tərəflərinə toxunan komitə sədri, işsizlikdən sığorta hadisəsinin baş verməsinə görə sığorta ödənişi təyin olunmasının müddətinin 30 aydan 24 ayadək azaldılmasını mütərəqqi hal kimi dəyərləndirib.
Onlayn iclasda çıxış edən deputatlar Vüqar Bayramov, Jalə Əliyeva və Aqil Məmmədov Əmək Məcəlləsinə və "İşsizlikdən sığorta haqqında" qanuna təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, düzəlişlərin əmək qanunvericiliyinin təkmilləşdirilməsi işinə töhfə verəcəyini bildiriblər.
Deputatlar hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş qadınların əmək hüquqlarının müdafiəsinin gücləndirilməsini, onlara münasibətdə qayğının artırılmasını nəzərdə tutan dəyişiklikləri təqdir ediblər. Məsələlərin əhəmiyyətini qeyd edən çıxışçılar əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması barədə də fikirlərini səsləndiriblər.
Müzakirələrin sonunda komitə üzvləri Əmək Məcəlləsində və "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Qeyd edək ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək.
Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.
Hazırda qüvvədə olan qanuna əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Mövcud qanunvericilikdə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlbinə dair müddəa isə yoxdur.
Yeni layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılır
“İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Beləliklə, sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.