BAKI, 13 dekabr — Sputnik. Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalarla bağlı əhaliyə çağırış edib. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova respirator viruslarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, kəskin respirator infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir.
Terapevt bildirib ki, payız-qış mövsümündə bu infeksiya daha çox yayılır: "Soyuq havada qapalı məkanda toplanma, immun sisteminin zəifləməsi, eləcə də meyvə-tərəvəzin az qəbulu xəstələnməni qaçılmaz edir. Qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur. Bu səbəbdən həkimə müraciət tövsiyə olunur".
Nazirlik rəsmisi qeyd edib ki, kəskin respirator infeksiyaların 25%-ni məhz qrip təşkil edir:
"Xəstəliyin əsas simptomları öskürək, yüksək hərarət, boğazağrısı, qıcıqlanma, üşümə, halsızlıq və s. -dir. Qripin inkubasiya dövrü 2-3 gün, xəstəlik isə 1 həftə davam edir. Düzgün müalicə metodu olmasa, qripin ciddi fəsadları ola bilər. Xəstəliyə yoluxmamaq üçün vitaminlərlə zəngin düzgün qidalanma, maye balansı mütləqdir. Yuxu rejiminin də immun sisteminin güclənməsində böyük rolu var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.