TƏHSİL

Hansı tələbələrin kirayə və gediş haqqı Fond tərəfindən ödəniləcək? Rəsmi açıqlama

İlqar Orucov Fondun təklif etdiyi yeniliklərin gənclərin təhsilə əlçatanlığını daha da artıracağını söyləyir.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda təhsil tələbə krediti alan tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması ilə bağlı yeniliklər gözlənilir. Təhsil Tələbə Kredit Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, gedişhaqqını ödəməkdə çətinlik çəkən, eləcə də kirayə pulunu ödəyə bilməyən tələbələrə Fond tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib ki, bu məsələyə yaxın günlərdə Himayəçilik Şurasının növbəti iclasında baxılacaq. Bu məqsədlə müəyyən mexanizm də təklif edilib.
20 faiz tələbi ləğv olunur
Digər yenilik Fondun standart paketindən istifadə edərkən tələbənin ödədiyi 20%-lik vəsaitlə bağlıdır. Təhsil tələbə krediti üçün müraciət edən tələbələrdən 1-ci kursun ilk semestrində təhsil haqqının 20 faizini ödəmək tələbi ləğv oluna bilər. Bu məsələ artıq himayəçilik şurasına təqdim olunub. Təklifin Nazirlər Kabinetinə göndərilməsi barədə razılığa gəlinib.
Təhsil tələbə krediti alan kateqoriya genişləndirilir
Eyni zamanda təklif olunan dəyişikliklərlə Azərbaycanda əmək pensiyası alanlarla yanaşı ailə başçısını itirdiyinə görə sosial müavinət alan şəxslər də sosial cəhətdən həssas ailə qrupuna daxil edilərək təhsil tələbə krediti əldə edə biləcəklər. Tehranağa Abdullayev bildirib ki, bununla bağlı müzakirələr aparılıb, hökumətə təqdim olunması üçün hazırlıq prosesi gedir. Yeniliklərin qəbulu üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.
Təhsilə əlçatanlıq artacaq
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbyacan-a deyib ki, Fondun təkliflər paketinin ictimai müzakirəsində o da iştirak edib. Onun sözlərinə görə, bu Fond dövlət başçısının təşəbbüsü ilə yarandığından, gənclərin təhsilə əlçatanlığına dəstək verəcəyi gözlənilən idi. Bu təkliflər kifayət qədər humanistdir:
"Təhsil almaq istəyən gənclərin qarşılaşdığı problemləri aradan qaldırmaq, eləcə də gənclər üçün təhsil imkanlarının genişləndirilməsi baxımından dəyişikliklərin edilməsi zəruridir. Ona görə də, hesab edirəm ki, Fondun təklif etdiyi yeniliklər tələbələrin qayğılarını qarşılayacaq. Burada təhsil aldığı dövrdə startaplarda iştirak edən tələbələrin təhsil krediti borclarının bağlanması məsələsi də yer alıb. Bu gün tələbələrin ən çox üzləşdiyi problemlərdən biri kirayə haqlarının ödənilməsi ilə bağlıdır. Bu baxımdan Fondun tələbələri kirayə haqqı ilə bağlı qayğılardan azad etmək təklifini alqışlayıram. Bizim ali təhsil müəssisələrinin tələbə yataqxanaların azlığı ən böyük problemlərdəndir. Fondun təklif etdiyi format rayonlardan gələn tələbələrin qarşılaşdığı kirayə problemini həll edəcək. Çünki, bu gün kirayə haqları çox yüksəkdir. Tələbələr bu məbləği ödəməkdə sıxıntı yaşayırlar".
İ.Orucov dünyanın müxtəlif ölkələrində tələbələrə nəqliyyat xərclərində güzəştlər tətbiq edildiyini və bunu Azərbaycanda da tətbiq etməyin zəruri olduğunu diqqətə çatdırıb:
"Mən Təhsil Tələbə Kredit Fondunun tələbələrin sosial qayğıları ilə maraqlanmasını alqışlayıram. Bu istiqamətdə təhsil ictimaiyyətinin daim fikirlərini öyrənərək yeni dəyişikliklər edirlər. Düşünürəm ki, bu proses reallaşdıqdan sonra tələbələr üçün əhəmiyyətli imkanlar yaranacaq".
Kimlərin təhsil krediti bağışlanacaq?
Qeyd edək ki, bu güzəştlərlə yanaşı həmçinin Fond startaplarda iştirak edən tələbələrin kredit borcunun bağlanmasını da nəzərdə tutur. Artıq indiyədək Təhsil tələbə krediti almış 198 tələbənin aldığı kreditin 25 faizi, 103 tələbənin isə aldığı təhsil tələbə kreditinin 50 faizi onlara bağışlanıb. Tehranağa Abdullayevin sözlərinə görə, 34000-ə yaxın tələbənin götürdüyü kredit faizsiz geri qaytarılacaq.
Təhsil tələbə krediti ilə bağlı hazırki şərtlər
Məlumat üçün qeyd edək ki, hazırda sosial növ təhsil tələbə krediti üzrə təhsil haqqının müvafiq Fond tərəfindən ödənilməsi ilk semestrdən mümkün olsa da, standart növ təhsil tələbə kreditində müəyyən çətinliklər var. Standart növ təhsil tələbə kreditində 1-ci kursun ilk semestrində tələbə təhsil haqqının 20 faizini ödəməlidir ki, təhsil tələbə kreditindən istifadə edə bilsin. 2-ci semestrdə isə tələbənin akademik göstəriciləri nəzərə alınır.
Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən etibarən standart kredit almaq hüququna malikdirlər. Bunun üçün birinci tədris ilinin ilk semestrində tələbə qəbulu imtahanında toplanan ümumi bal Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddən yuxarı olmalıdır.
Digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar, illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər standart təhsil kreditindən istifadə edə bilər. Təhsil krediti hər tədris semestri üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. TTK üçün girov və zaminlik tələb olunmur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılan baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürülür. Təhsil tələbə kreditləri həmçinin sığortalanır.
TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır.
Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir.
Sonda onu da əlavə edək ki, indiyədək Təhsil Tələbə Kredit Fonduna 35800-dən çox müraciət daxil olub. Onlardan 26600-ü rəsmiləşib.