SƏHİYYƏ

Sumqayıtda əlillik almaq istəyənlərə saxta sənəd düzəldən həkimə hökm oxundu

Ramiz Həmzəyev Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən təqsirli bilinib, lakin barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyinə görə xitam verilib.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Sumqayıt şəhər məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Sumqayıt 2 saylı şəhər xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilib. Ramiz Həmzəyev Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən təqsirli bilinib, lakin barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyinə görə xitam verilib.
İttihama görə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik Hüquqi şəxsin Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının baş həkimi işləmiş Həmzəyev Ramiz Şahverdi oğlu vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən su istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib.
Belə ki, o əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər verib. Bununla da Cinayət Məcəlləsinin 308.1-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.