BAKI, 12 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinin böyük əksəriyyətinin dəstəyindən güc alır və əsas məsələ budur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Həqiqətən də, Putinin Rusiya dövlətinin başçısı kimi fəaliyyətini dünyada dəstəkləyənlər də, dəstəkləməyənlər də var. Bu, tamamilə normaldır, lakin əsas deyil. Əsas odur ki, Putin Rusiya Federasiyasında xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu, tamamilə təkzibedilməz faktdır, prezident üçün önəmli olan və onun güc aldığı şeydir" - Peskov Putinin yenidən prezidentliyə namizəd olmaq qərarına xarici ölkələrdən dəstək barədə suala cavabında bildirib.
O, jurnalistləri dünya əhalisini "proqressiv və qeyri-proqressiv"ə bölməməyə çağırıb.
"Qoy bizim mübarizə apardığımız köhnə müstəmləkəçiliyin (təzahürləri - red.)) bağlı olanlar bunu etsinlər. Biz heç kimi bölmək fikrində deyilik", - Peskov vurğulayıb.
Xatırladaq ki, Rusiya Federasiya Şurası ötən dekabrın 7-də keçirilən iclasında Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası seçkilərin üç gün ərzində - gələn il martın 15-dən 17-dək keçirilməsi barədə qərar qəbul edib.
Vladimir Putin dörd dəfə - 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti vəzifəsinə seçilib. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.