BAKI, 12 dekabr — Sputnik. Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov Cənubi Afrika Respublikasının xarici işlər nazirinin müavini Alvin Boates ilə CAR və digər Afrika İttifaqı ölkələrinin Ukrayna münaqişənin həllinə mümkün töhfəsini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Ukraynada və onun ətrafında münaqişənin mənşəyi və səbəbləri haqqında ümumi anlayışı nəzərə alaraq, Cənubi Afrikanın və Afrika İttifaqının bir sıra digər üzvlərinin Ukrayna böhranının həlli yollarının axtarışına mümkün töhfəsi müzakirə edilib" - nazirlikdən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət əvvəl demişdi ki, Ukraynada davamlı sülh yalnız o vaxt mümkündür ki, Qərb Kiyevə silah ötürməyi dayandırsın və ölkə rəhbərliyi "yeni ərazi reallıqlarını" qəbul etsin.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.
Qadın diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır, lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə danışmayacaq.
Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin "Koreya" modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına ehtiyac var.