Heydər Əliyev ili

Heydər Əliyevlə bağlı xoş xatirələr: Rəssamlıq bacarığı, gözəl yumor və unikal yanaşma

Ulu Öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz və s. bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycanın bir sıra mədəniyyət xadimi və məşhur şəxsi onunla bağlı xatirələrini Sputnik Azərbaycanla bölüşüblər.
Sağlığında öz heykəlini yaratmağa icazə vermirdi
Görkəmli heykəltəraş, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, Ulu öndərin heykəlini hazırlayan ilk heykəltəraş, akademik Ömər Eldarov deyib:
"Heydər Əliyevin sağlığında heykəlləri olmayıb, o, icazə vermirdi. Amma SSRİ Ali Soveti Heydər Əliyevə ikiqat Sosialist Əməyi Qəhrəmanı adı verəndə o, Vətənində büst qoyulmasına razılaşmalı oldu. Bu qərar bütün iki və çoxqat Sosialist Əməyi Qəhrəmanlarına şamil olunurdu. Əliyev abidəni yaratmağı mənə tapşırdı, çünki bunu yerli heykəltəraşın etməli olduğunu hesab edirdi. Həmin dövrdə o, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini idi, ona görə də büstün yaradılması üçün mənimlə Moskvada görüşlər təşkil olunurdu. Məni çağırdılar Kamran Bağırovun kabinetinə. Fikirləşdim, görəsən neynəmişəm ki, məni ora çağırırlar. Zəng edən insan narahatlığımı hiss edirmiş kimi əlavə etdi ki, "narahat olmayın". Kabinetə girəndə gördüm Heydər Əliyev də orada əyləşib. Üzbəüz oturub söhbət elədik. Özü dedi ki, "Moskvada təkliflər çoxdur, ancaq istəmirəm mənim büstümü başqaları hazırlasın. Sənin işləməyini istəyirəm".
Görkəmli rəssam Heydər Əliyev qeyri-iş vaxtı çox sadə və səmimi insan idi, zarafatlaşırdı, çox mehribanlıqla söhbət edirdi:
"Bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı. Öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi. 1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Amma müharibə ona təhsilini başa vurmağa imkan verməyib. Faktiki olaraq müharibə onun planlarını yarıda qoyub. O, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başlayıb".
Ömər Eldarovun sözlərinə görə, Heydər Əliyevin nəslində də rəssamlar olub. Onun böyük qardaşı Hüseyn Əliyev Azərbaycanın məşhur xalq rəssamı olub. Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyev də uzun illər Bakının baş memarı idi.
Öndərdən Nizami Xuduyevə zəng: "Sənin bu köhnə diktorlarla olan konfiliktlərin bitmədi?"
Milli radiomuzun və televiziyamızın əvəzolunmaz diktoru Ofeliya Sənani Ulu Öndər Heydər Əliyevin ona olan diqqətindən danışıb. Deyib ki, Əliyev işinin çox olmasına baxmayaraq, həmişə mədəniyyət tədbirlərinə gedərdi, televiyada yayımlanan verilişlərə baxardı:
"Rəhmətlik Heydər Əliyev "Gəl səhərim" verilişini çox sevirdi. Mən xəstə olan vaxt verilişi Yaşar Nuri aparırdı. Zəng edib Nizami Xuduyevə deyib ki, "Nizami, mən Yaşarı çox istəyirəm. Amma bu verlişi Ofeliya aparırdı. Hanı Ofeliya? Sənin bu köhnə diktorlarla olan konfiliktlərin bitmədi? Kin saxlayırsan? Ofeliya efirə çıxanda oturub verilişə baxıram. Xudiyev deyib ki, "cənab prezident, Ofeliya xanım Moskvadadır, xəstədir". Əliyev xəstə olduğumu biləndən sonra tapşırıq verib ki, mənə xüsusi diqqət ayırsın. Onun tapşırığından sonra bütün həkimlər mənim başımda pərvanə oldu".
Heydər Əliyev parodiyanı səmimi qarşıladı, çünki gözəl yumor hissi var idi
2000-ci ildə isə "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun təşkil etdiyi konsertdə Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşov Heydər Əliyevi parodiya edib. Murad bəy o günləri belə xatırlayır:
"Biz bu qərara komanda şəklində gəldik. Mərhum Anar Məmmədxanov fikrimizi dəstəklədi, istiqamət verdi və bu, məni bir az da ruhlandırdı. İşin məsuliyyətini tam olaraq dərk edirdim, amma bu mənim üçün həm də böyük fəxr idi".
"Heydər Əliyev ilk lider idi ki, KVN-i izləməyə gəlmişdi. Baxmayaraq ki, Sovet dövründə yaşamışdı. Sovet vaxtı siyasətçilərin parodiyası çox sərt qarşılanırdı. Əcəba, bu rol ona həvalə olunanda, Murad Dadaşov bunu necə qarşılamışdı? İçində qorxu var idimi?" sualına cavab belə olur:
"Qorxu deməzdim, məsuliyyət deyərdim. Mənim Heydər Əliyevi parodiya etməyim ona olan sevgimdən, hörmətimdən irəli gəlirdi. Təbii ki, çox həyəcanlıydım. Dünya miqyaslı bir şəxsiyyəti parodiya etmək elə də asan məsələ deyil. Amma mən əmindim ki, Heydər Əliyev bu parodiyanı səmimi qarşılayacaq. Çünki o, dahi olduğu qədər, sadə bir insan idi. Və hamıya məlumdur ki, Heydər Əliyevin çox gözəl yumor hissi var idi. Bu da məni ürəkləndirirdi.
M. Dadaşov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən bildirdi ki, Ulu Öndər həqiqətən də unikal bir insan idi. Onun bilmədiyi, məlumatı olmadığı bir sahə yox idi. Eləcə də incəsənəti gözəl bilirdi. Heydər Əliyevin sənət adamlarına verdiyi dəyər, onlara münasibəti hər zaman yüksək səviyyədə olub:
"Bizimlə də səhnə arxasında çox səmimi görüşdü, fikirlərini bildirdi. Heydər Əliyev müdrik bir insan idi və o, özü də hiss edirdi ki, onu parodiya etmək yalnız ona olan böyük sevgidən, heyranlıqdan irəli gələ bilər. Onun əhvalından, təbəssümündən, bizimlə səmimi söhbətindən başa düşdüm ki, hər şey yaxşıdır. İndi də mən həmin günü böyük fəxrlə xatırlayıram".