BAKI, 12 dekabr — Sputnik. Ankaraya səfər edən Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti AK Partiya Qərargahında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Xatırladaq ki, dekabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdü.
Görüşdə vurğulanıb ki, bu münasibətlər parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirib. Bildirilib ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə hədəfləri müəyyən edən və yol xəritəsi rolunu oynayan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin olması da iki qardaş ölkənin qanunvericilik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətinin göstəricisidir.