BAKI, 12 dekabr — Sputnik. Aİ ölkələrinin üçdə birinin Ukraynanın Avropa blokuna üzvlüyü ilə bağlı çox ciddi şübhələri var.
Bunu Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib.
Bokanın “Financial Times” qəzetinə müsahibəsində dediyi kimi, Ukraynanın üzvlük perspektivi Avropa ölkələri arasında böyük fikir ayrılığına səbəb olub.
"Aİ-yə üzv ölkələrin üçdə birinin bu məsələ barədə çox ciddi şübhələri var", - deyə Boka bəyan edib.
Macarıstan hazırda Avropa Sülh Fondundan Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın səkkizinci tranşını, eləcə də Aİ-nin 2024-2027-ci illər üçün Kiyevə hərbi (20 milyard avro) və makromaliyyə (50 milyard avro) dəstək paketini əngəlləyib. Bundan əlavə, Budapeşt dekabrın 14-15-də keçiriləcək Aİ sammitində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlanmasına qarşıdır.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara dekabrda başlanılması məsələsini, ümumiyyətlə sammitin gündəliyinə salmamağı təklif edir. Çünki üzv ölkələr arasında razılığın əldə olunmayacağı əvvəlcədən bəllidir. O, həmçinin Kiyevlə strateji tərəfdaşlıq sazişinin bağlanması şərti ilə Ukraynanın üzvlük məsələsinin 5-10 ildən sonra müzakirə oluna biləcəyi qənaətində olduğunu bildirib.