BAKI, 12 dekabr — Sputnik. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə olunur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Təxminən bir ay əvvəl isə Ermənistan tərəfi Monitorinq Missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma olduğunu açıqlamışdı. Aİ missiyasının bölgədəki fəaliyyətinin Azərbaycan tərəfindən xoş qarsalanmadığı birmənalı olaraq dəfələrlə ifadə olunub. Bununla belə missianın bölgədə getdikcə genişlənmək cəhdləri onun proseslərə təsiri ilə bağlı suallar yaradır.
Aİ Monitorinq Missiyası Cənubi Qazqazda gedən proseslərə necə təsir göstərir?
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Aİ Monitorinq Missiyasının regiondakı fəaliyyətinin məqsədi bəlli deyil:
"Bu missiya nəyə xidmət edir, nəyə görə Aİ vətəndaşlarının hesabına Ermənistanda kontingent saxlanılması müəmmalıdır? Əslində bizim üçün hər şey başa düşüləndir. Biz bilirik ki, bu missiya Ermənistandakı revanşist qüvvələrin, eləcə də Ermənistan hakimiyyətinin Azərbaycan əleyhinə təbliğat aparmasına xidmət edir".
Millət vəkili deyir ki, missiyanın fəaliyyətdə olduğu müddətə nəzər saldıqda hər hansı xoşməramlı fəaliyyət görmək mümkün deyil:
"Azərbaycan Ermənistanla normal qonşuluq münasibətləri qurmaq istəyir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çağırışlar edib. Ancaq görünən odur ki, sözdə Azərbaycan-Ermənistan yaxınlaşmasını arzulayan Avropa İttifaqı həm də bu prosesi pozmaqla məşğuldur. Fikrimcə, Aİ missiyası ləğv edilməli, Bakı və İrəvan arasında yaxınlaşmaya nail olmaq üçün səylər genişləndirilməlidir".
Politoloq İlyas Hüseynov isə bildirir ki, Ermənistan hakimiyyəti Aİ-nin Monitorinq Missiyasından öz maraqları naminə istifadə edir. Onun sözlərinə görə, bununla Cənubi Qafqazı sülhə, əmənimanlıq və firavanlğa aparan yol əngəllənmiş olur:
"Əsas səbəb odur ki, bu missiyanın gəlişi, regiona kənar aktorun yerləşməsi deməkdir. Bu missiya Azərbaycanın icazəsi olmadan regiona gəlib. Aİ missiyasının ilk məqsədi delimitasiya və demraksiya prosesləri ilə bağlı monitorinqlərin keçirilməsi idi. Ancaq getdikcə bu missiyanın fəaliyyəti siyasi xarakter almağa başladı və öz ilk məramından yayındı".
Politoloq qeyd edib ki, bununla da anlaşma pozuldu və 2023-cü ilin əvəvlində Aİ-nin missiyası müddətsiz oldu, həmçinin kontingent bütün Azərbaycan sərhədi perimetri boyunca düzüldü. İndi say tərkibinin artırılması gündəmə gətirilib.
"Biz yaxşı anlayırıq ki, missiya üzvlərinin sayını artırmaqla bunu Rusiya əleyhinə alət kimi istifadə etməyə çalışırlar. Ermənistanın Azərbycanla sərhədində Aİ missiyası patrullar aparır, Türkiyə və İranla sərhədini isə Rusiya hərbçiləri qoruyur. Bu paradoksal vəziyyət yaradır və Ermənistanın gələcəyini təhlükə altına qoyur. Azərbaycan regionda geopolitik savaşın olmasının istəmir. Biz regional sülhün və təhlükəsizliyin tərəfdarıyıq" - politoloq əlavə edib.