RUSİYA

Rusiya XİN ABŞ-ın Qəzzada atəşkəsə veto qoymasını tənqid edib

Rusiya Xarici İşlər Nazirliyi BƏƏ-nin qətnaməsinə qarşı yalnız ABŞ-ın səs verdiyinə diqqət çəkib.
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı ABŞ-ın mövqeyi dəhşətli qan tökülməsinin davam etməsi deməkdir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının “BMT” Təhlükəsizlik Şurasında Fələstin anklavındakı vəziyyətə baxılması ilə bağlı rəsmi bəyanatında deyilir.
Dekabrın 9-da ABŞ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qəzzada dərhal atəşkəs elan edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsini bloklayıb. BMT Təhlükəsizlik Şurasının 13 üzvü qətnamənin lehinə səs verib, İngiltərə bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.
Rusiya Xarici İşlər Nazirliyi BƏƏ-nin qətnaməsinə qarşı yalnız ABŞ-ın səs verdiyinə diqqət çəkib.
“Bu, baş verəcək və hazırda baş verən dəhşətli qan tökülmələrinin, fəlakətli dağıntıların davam etməsi deməkdir və bütün bunlar səhvən deyil, bir ölkənin – ABŞ-ın qərarı ilə baş verir”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya XİN-i həmçinin qeyd edib ki, bu qətnamədən əlavə BƏƏ nümayəndələri Qəzza zolağına humanitar yardımın çatdırılmasının artırılması və monitorinqi ilə bağlı daha bir sənəd hazırlayıb BMT Təhlükəsizlik Şurasına baxılmaq üçün təqdim ediblər. Hazırda mətn Təhlükəsizlik Şurasına üzv olan ölkələr arasında müzakirənin yekun mərhələsindədir.
Xatırladaq ki, oktyabrın 7-də “Əl-Əqsa tufanı” əməliyyatı çərçivəsində Qəzza zolağından İsrail ərazisinə minlərlə HƏMAS qruplaşmasının daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu, İsrail əməliyyatının “Dəmir Qılınclar” adlandırıldığını açıqlayıb.
Əməliyyatın ilk günündən etibarən İsrail hərbçiləri Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib, anklavın su, ərzaq, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən həyata keçirilməyə başlayıb.
Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatının "genişləndirdiyini" elan edib. Əməliyyat ərəfəsində yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.