BAKI, 11 dekabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrini ardıcıl olaraq ən müasir avadanlıqla təchiz edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin nüvə sualtı qayıqlarında bayraq qaldırma mərasimində deyib.
Rusiya lideri vurğulayıb ki, ölkə ilk növbədə kütləvi istehsalı artırır.
"Beləliklə, "İmperator Aleksandr Üçüncü" artıq "Borey" sinifli strateji raketdaşıyıcılar seriyasında yeddinci gəmi, "Krasnoyarsk" kreyseri isə "Yasen" sinifli çoxməqsədli nüvə qayıqları seriyasında dördüncü gəmidir", - deyə Kremlin saytı Putindən sitat gətirib.
Rusiya prezidenti əlavə edib ki, Rusiyanın dəniz qüdrətinin artırılması üzrə işlər, xüsusən də sualtı və suüstü gəmilərin tikintisi planının icrası çərçivəsində davam etdiriləcək. Putin qeyd edib ki, dəniz gücü dünya okeanının ən mühüm strateji ərazilərində - Arktika, Qara, Xəzər və Baltik dənizlərində, eləcə də Uzaq Şərqdə qurulacaq.
Daha əvvəl bildirilmişdi ki, Putin bazar ertəsi, dekabrın 11-də Arxangelsk vilayətinə işgüzar səfərə gəlib. Bu, Rusiya liderinin qarşıdan gələn prezident seçkilərində iştirakını elan etdikdən sonra ilk regional səfəridir.