BAKI, 11 dekabr — Sputnik. BMT 72 ölkədə 181 milyon insana kömək məqsədilə 2024-cü ildə humanitar əməliyyatları üçün 46,4 milyard dollar istəyir.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (HMƏO) öz saytında dərc etdiyi bəyanatda belə deyilib.
Sənəddə qeyd olunub: "Dünya üzrə 1900-dən çox humanitar tərəfdaşın adından BMT bu gün 2024-cü il üçün qlobal çağırışla çıxış edib. Burada o, 180,5 milyon insana həyati dərəcədə xilasetmə yardımı və müdafiənin təmin edilməsi üçün 46,4 milyard dollar ayrılmasını istəyib".
Təşkilat dəqiqləşdirib ki, bu yardım aclıq, silahlı münaqişə, fövqəladə iqlim vəziyyəti, iqtisadiyyatlarının çökməsi, epidemiyalar və kütləvi köçkünlükdən əziyyət çəkən 72 ölkənin sakinləri üçün nəzərdə tutulub.
"2023-cü ilə olan məlumata görə, hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır və ya həmin zonalardan qaçıb. Təxminən 258 milyon insan kəskin aclıqdan əziyyət çəkir. Dünyada hər 73 nəfərdən üçdə biri məcburi köçkündür - bu, 10 il əvvəlki rəqəmdən iki dəfə çoxdur. Epidemiyalar isə dünyanın hər yerində qarşısıalınmaz ölümcül nəticələrə gətirib çıxarır", - deyə məlumatda əlavə edilib.
BMT təəssüf edir ki, 2023-cü ildə humanitar yardım üçün cəmi 20 milyard dollar ayrılıb, çünki bu, ehtiyacların yalnız üçdə birini təşkil edib. 2023-cü il üçün 56 milyard dollardan çox vəsait tələb olunub.
"Nəticələr faciəvidir: Əfqanıstanda may-noyabr ayları arasında 10 milyon insan ərzaq yardımından məhrum olub. Myanmada yarım milyondan çox insan qeyri-adekvat həyat şəraitində qalıb. Yəməndə dəstəklənən insanların 80%-dən çoxunun su və kanalizasiya çatışmazlıqları var. Nigeriyada isə cinsi və reproduktiv sağlamlığın qorunması və gender zorakılığının qarşısının alınması üçün xidmətlər gözləyən qadınların yalnız 2% -i onları alıb", - deyə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi qeyd edib.