BAKI, 11 dekabr — Sputnik. Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, eləcə də rayon Polis şöbəsinə göndərilib və faktın araşdırılmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Məlum olub ki, ailələr arasında kiçik nişan mərasimi təşkil olunub. Azyaşlının valideynləri rayon polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların diqqətə çatdırılıb.
Daha sonra valideynlərin izahatları alınıb. qeyd olunub ki, onlar etdikləri əməldən peşmandırlar və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq.