BAKI, 10 dekabr — Sputnik. Yer kürəsinin öz oxu ətrafında dönmə sürətinin azalması üzündən 200 milyon ildən sonra sutkada 24 saat yox, 25 saat olacaq. Belə bir mülahizə ilə Münhen Texniki Universitetinin (MTU, Almaniya) alimləri çıxış ediblər.
Mütəxəssislər halqa lazerinin təkmilləşdirilmiş modelindən istifadə etməklə belə məlumatları əldə edə biliblər. Adıçəkilən model Yerin fırlanma sürətini artan dəqiqliklə ölçməyə qadirdir.
"Fırlanma titrəmələrinin ölçülməsi təkcə astronomiya üçün vacib deyil, həm də dəqiq iqlim modelləri yaratmaq və hava hadisələrini daha yaxşı başa düşmək üçün bizə lazımdır. Məlumatlar nə qədər dəqiq olarsa, proqnozlar da bir o qədər dəqiq olar", - deyə tədqiqatın rəhbəri Ulrix Şreiber izah edib.
Alimlərin fikrincə, Yer kürəsində günün uzunluğu illər keçdikcə daha da uzanıb. Məsələn, dinozavrlar planetdə yaşayarkən bir gün 23 saatdan ibarət olub.
Alimlər onu da deyirlər ki, 1,4 milyard il əvvəl gecə və gündüz birlikdə cəmi 18 saat 41 dəqiqə davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.