AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan etibarlı tərəfdaşdır və dostluq ənənələrinə həmişə sadiqdir - Prezident

İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyada işgüzar səfərdədir.
Sputnik
BAKI, 10 dekabr - Sputnik. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.
Azərtac xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı söyləyib.

"Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev mərasimdə
Onun sözlərinə görə, 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq:

"Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik".

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir.
"Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq və Qara dənizləri bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir", - deyə prezident bildirib.
Prezident İlham Əliyev mərasimdə
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq və dostluğu yüksək qiymətləndirdiyini deyən İlham Əliyev məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini vurğulayıb.
Onun sözlərinə görə, qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı, regional əməkdaşlığa da güclü zəmin yaradır.
Daha sonra dövlət başçısı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib.
Prezident bununla bağlı deyib:

“Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.

Daha sonra Dövlətimizin başçısı bir neçə gün bundan əvvəl yenə də növbəti dostluq təzahürünün şahidi olduğumuzu diqqətə çatdırıb.
Prezident bildirib ki, həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstəriblər.

“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”, - deyə dövlətimizin başçısı bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
"İstəyirik ki, Ermənistan gələcəkdə də ərazi bütövlüyümüzü sual altına qoymasın" - Əliyev