BAKI, 9 dekabr - Sputnik. Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələri və peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilir.
Təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə təşkil edilib və prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunublar. Sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə sertifikatlaşdırmanın test mərhələsində 1 334-ü təkrar sertifikatlaşdırma və 21 943-ü ilk dəfə iştirak olmaqla ümumilikdə 23 277 nəfər uğur qazanıb.
2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırmanın test mərhələsində ölkə üzrə 8 498 nəfər uğur qazanıb.
8 sentyabr – 14 oktyabr 2023-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23 259 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri uğur qazanıb.
2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.
Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.