BAKI, 9 dekabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hepatit A xəstəsi olan şəhid övladı Ülkər Tağızadənin qızılcaya yoluxması barədə iddialara cavab verib.
TƏBİB-dən verilən məlumata görə, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb.
Bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb. Dekabrın 5-də bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.
"Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub", - məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə şəhid Rahim Tağıyevin qızı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və orada qızılcaya yoluxması barədə məlumat yayılıb.
05.12.23
Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.
“Report” xəbər verir ki, kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq təhsil müəsisəsindən məlumat verilib.
Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".
04.12.23
Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında məktəbin direktoru İlahə Carçıyeva məlumat verib.
Direktor bildirib ki, liseyin V sinif şagirdi Ağazadə Valid Ramil oğlunun qızılcaya yoluxduğu barədə valideyni tərəfindən məlumat verilib. Amma məktəbə Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən rəsmi məlumat daxil olmadığından, sinfin distant təhsilə keçməsi barədə qərar qəbul edilməyib.
"Valideynlər narahat olduğundan, bizə bildiriblər ki, uşaqlarını məktəbə göndərməyəcəklər. Amma sinfi bağlamaq üçün rayon GEM-indən rəsmi məktub daxil olmalıdır. V sinif ikinci növbədə təhsil aldığı üçün hələ dərsləri başlamayıb. Biz GEM-dən cavab gözləyirik. Əgər məktubla yoluxma təsdiqlənsə, sinif 14 günlük distant təhsilə keçəcək", - deyə İ.Carçıyeva bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.