BAKI, 8 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Rusiya Qəhrəmanları" mükafatlandırma mərasiminin iştirakçıları ilə söhbəti zamanı 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb.
Putin rəsmi mərasimin sonunda mükafatçılar və qonaqlarla söhbət edib.
Qonaqlardan biri prezidentdən seçkilərdə iştirak etməsini xahiş edib. Putin bu xahişə razılıq verib.
Xatırladaq ki, Rusiya Federasiya Şurası ötən dekabrın 7-də keçirilən iclasında Rusiya Federasiyasının Prezidenti seçkilərinin təyin edilməsi haqqında qərar qəbul edib. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası seçkilərin üç gün ərzində - gələn il martın 15-dən 17-dək keçirilməsi barədə qərar qəbul edib.
Vladimir Putin dörd dəfə - 2000, 2004, 2012 və 2018-ci illərdə Rusiya prezidenti vəzifəsinə seçilib. Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək yeni prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib ki, Vladimir Putin lazım bildiyi zaman prezident seçkilərində iştirakını elan edəcək.
"Putin bu barədə qərarı zəruri və məqsədəuyğun hesab etdiyi zaman elan edəcək. Bu, tamamilə onun qərarı olacaq", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.
Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, prezident həmişə xalqın dəstəyinə arxalanıb və onun məqsədi insanların rifah səviyyəsini yüksəltməkdir. Peskovun sözlərinə görə, bir çox insan Putini yenidən prezidentliyə namizəd olmağa çağırır.
Kremlin rəsmi nümayəndəsi bildirib ki, Putin qarşıdan gələn seçkilərdə iştirak etmək qərarına gəlsə, qalib gələcək. Eyni zamanda o vurğulayıb ki, istənilən halda yeni dövlət başçısı indiki prezident kimi olmalıdır.