NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin kəskin ucuzlaşması, hasilatın azalması Neft Fondunun aktivinə təsir göstərə bilər

2024-cü il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 4 milyard 791,9 milyon ABŞ dolları olması proqnozlaşdırılır.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda ortamüddətli dövrdə Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaradır.
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondun 2024-cü ilin büdcəsinə verdiyi rəydə bildirilib.
Sənədə əsasən, 2024-cü il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 4 milyard 791,9 milyon ABŞ dolları olması proqnozlaşdırılır ki, Azəri–Çıraq–Günəşli (AÇG) yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 milyard 89,5 milyon ABŞ dolları və ya ümumi daxilolmaların 85,3%-ni təşkil edəcək.
Qeyd olunur ki, Fondun əsas gəlir mənbələrindən olan Azəri–Çıraq–Günəşli üzrə proqnozlaşdırılan hasilatın həcmində əvvəlki illərdə olduğu kimi azalma müşahidə edilir.
Xatırladaq ki, 01.10.2023 tarixinə ARDNF-nin aktivləri ilin əvvəlindən 6 milyard 482,8 milyon ABŞ dolları və ya 13,2% artaraq 55 milyard 516,4 milyon ABŞ dolları təşkil edib. Lakin Fond tərəfindən təqdim edilmiş ilin sonuna gözlənilən icra məlumatlarına əsasən xərclərin tam həcimdə yerinə yetirilməsi şəraitində Fondun aktivlərinin təxminən 53 milyard ABŞ dolları ətrafında olması proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.