BAKI, 8 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. "Brent" nefti 1% artaraq 74,81 dollar, Qərbi Texas nefti 1% artaraq 70,28 dollar olub. "Brent" və Qərbi Texas nefti bu həftə müvafiq olaraq 5% və 7% azalıb. Bu, iyun ayından bəri ən aşağı səviyyə deməkdir.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,39 dollar, yaxud 0,49% azalaraq 78,72 dollar təşkil edib.
Qeyd edək ki, ümumiyyətlə, hasilatın azaldılması, ABŞ-də yüksək tədarük və tələbin zəifləməsi narahatlıqları bazarları sarsıdıb. Ona görə də qiymətlər ardıcıl yeddi həftə aşağı düşüb. Çinin zəif neft idxalı rəqəmləri də bazara təsir göstərib. Çünki bu həftəki məlumatlar neft tədarükünün noyabr ayında dörd ayın ən aşağı səviyyəsinə çatdığını göstərib.
Digər tərəfdən, bu həftəki hesabatlar göstərdi ki, Rusiya və Səudiyyə Ərəbistanı indi daha çox hasilatın azaldılmasını nəzərdən keçirirlər. Həmçinin, Rusiya və Səudiyyə Ərəbistanı neft və qaz sahəsində, o cümlədən avadanlıqların satın alınması, tədarükü və standartlaşdırılması sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Azərbaycan "OPEC plyus"un iclasında təmsil olunub
Əlavə edək ki, Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
"OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.