BAKI, 8 dekabr — Sputnik. Avropa İttifaqı 2024-cü ilin yazına qədər Kiyevə hərbi yardım kimi təhvil verəcəyini vəd etdiyi bir milyon artilleriya mərmisinin əvəzinə indiyədək yalnız yarısını toplaya bilib.
"Reuters" məlumatlı mənbələrə istinadən bu barədə xəbər verib.
"Aİ-nin məlumatına görə, sxemlər birlikdə, təxminən 480 min sursat istehsal etməyə imkan verib ki, bu da planlaşdırılan rəqəmin yarısından azdır", - məqalədə belə qeyd olunub.
Mənbələr, Ukraynaya mövcud ehtiyatlardan, təxminən 300 min mərmi, əsasən 155 mm çaplı mərmi və reaktiv yaylım atəşi sistemi üçün raketlərin göndərildiyini, 120 mini isə üçüncü ölkələrdən və ya əsas Aİ dövlətlərinin mövcud olan milli müdafiə sifarişlərinə əlavə olaraq "digər satınalma sxemləri" ilə əldə edildiyini söyləyib.
Bununla yanaşı, Avropa Müdafiə Agentliyi vasitəsilə müqavilələrin yerləşdirilməsi yolu ilə mərmi istehsalının sürətləndirilməsi üzrə Avropa Komissiyasının təşəbbüsü Ukrayna üçün vur-tut, təxminən 60 min mərmi istehsal etməyə imkan verib.
Nəşr qeyd edib ki, Aİ qalan mərmiləri 2024-cü ilin martına qədər çatdırmalıdır, yəni ölkələrin bunu etmək üçün cəmi dörd ay vaxtları var.
Avropa Şurasının rəhbəri Şarl Mişel də noyabrın sonunda xəbərdarlıq edib ki, Avropa İttifaqı 2024-cü ilin martına qədər Ukraynaya bir milyon mərmi tədarük etmək vədini yerinə yetirə bilməyəcək.
Bundan əvvəl Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen ölkəsinin Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin istehsalına başlayacağını bildirmişdi.
Onu da xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın müdafiə naziri Lloyd Ostindən Ukrayna hərbçilərinə 17 milyon mərmi ötürməsini istəyib.