BAKI, 7 dekabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.
"Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.
13:35
O`Brayn: Blinken Ceyhun Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir
"Bakıda müsbət və konstruktiv görüşlər keçirdim".
Bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn "X" platformasında paylaşımında deyib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir" - o, qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.
Ceyms O"Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.