SƏHİYYƏ

Qızılcaya görə karantin elan oluna bilər? İnfeksionistdən açıqlama

Aynaz Məcidova bildirib ki, qəsəbədə qızılcadan yoluxma və ölüm hallarının artmasının səbəbi məktəblərdə siniflərin vaxtında distant üsula keçirilməməsidir.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. "Əgər məktəblərdə dərsləri vaxtında distant formaya keçirsəydilər bir sinifdən 22 şagird qızılcaya yoluxmazdı. Mən övladlarımı məktəbə göndərməyə ehtiyat edirəm. Çünki uşaqlarımda allergik bronxit xəstəliyi var. Dünən qonşumuzun uşağı qızılcaya yoluxduğu üçün ağır vəziyyətdə təcili yardımla xəstəxanaya aparıldı".
Siniflər vaxtında distant üsula keçirilsəydi...
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında son günlər qızılcadan yoluxma və ölüm hadisələrinin qeydə alındığı Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsinin sakini Aynaz Məcidova söyləyib. O, bildirib ki, qəsəbədə qızılcadan yoluxma və ölüm hallarının artmasının səbəbi məhz məktəblərdə siniflərin vaxtında distant üsula keçirilməməsidir.
Valideyn bildirir ki, qəsəbədə uşaqların əksəriyyəti qızılca və məxmərəyə qarşı peyvənd olunmayıb.

Onun sözlərinə görə, həmçinin xəstəliyə yoluxmuş uşaqlar tam sağalmamış məktəbə getdiklərindən qızılca şagirdlər arasında sürətlə yayılıb.

"Məktəbdə qızılca qeydə alınmış sinifləri çox gec distanta keçirdilər. Bir sinifdən 19 şagird yoluxduqdan sonra yerdə qalan beş-on şagirdi qorumağın mənası qalmadı. Onsuz da sinfin 70 faizi bu xəstəliyə yoluxmuşdu. Mənim övladlarım qəsəbədəki 195 saylı məktəbin ikinci sinfində oxuyurlar. Onları məktəbə göndərməyə ehtiyat edirəm. Göndərmədikdə isə məktəbdən arayış tələb olunur. Valideynlər arayışa görə uşağı məktəbə göndərirlər. Bir neçə gündən sonra uşaq qızılca tutub gəlir. Bu günlərdə qəsəbədə ölən uşaq nə məktəbə gedirdi, nədəki bağçaya. Onun bacı-qardaşı məktəbdə bu xəstəliyi tutub evdə körpəyə də yoluxdurdular. Nəticədə azyaşlı öldü", - deyə Aynaz Məcidova narahatlığını ifadə edib.
Siniflər neçə şagird qızılcaya yoluxarsa bağlanmalıdır?
İnfeksionist İlhamə Abbasova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir sinifdə qızılcaya yoluxma 30-40 faiz olarsa sinifi bağlamaq, yaxud distant təhsilə keçmək vacibdir. Həmsöhbətimiz bildirib ki, uşaqların qızılcaya qarşı peyvənd olunmaması xəstəliyin yoluxma arealını genişləndirir.
"Pandemiyada olduğumuz üçün uşaqlar bir neçə il vaksindən kənar qaldılar. Ona görə də, qızılcaya yoluxma sürətlə yayıldı. Əgər sinifdə şagirdlərin 30-40 faizi qızılcaya yoluxubsa sinif qapadılmalıdır. Bir sinifdə dörd-beş yoluxmaya görə sinfi bağlamağa ehtiyac yoxdur. Sadəcə həmin uşaqlar tam sağalandan sonra məktəbə buraxılmalıdır" deyə infeksionist bildirib.
Qızılca üçün ən yoluxdurucu dövr
İ.Abbasova onu da qeyd edib ki, yanaşı xəstəlikləri olan uşaqlar qızılcanı daha ağır kecirirlər: "Mənim valideynlərə tövsiyyəm odur ki, uşaqda hərarət, halsızlıq varsa məktəbə, bağçaya göndərməsinlər. Qızılca ilk dövrlərdə daha yoluxdurucudur. Səpginin dördüncü gününə qədər karantin şərtlərinə əməl edilməlidir".
İnfeksionist onu da əlavə edib ki, hazırda ölkədə karantinin tətbiqinə ehtiyac yoxdur.
Qeyd edək ki, artıq qızılcadan dörd uşaq həyatını itirib.