BAKI, 6 dekabr — Sputnik. "Ceyms O'Brayen ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyi azaltmaq üçün Bakıya gəlir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Natiq Miri deyib.
Politoloqun sözlərinə görə, ABŞ Azərbaycan-Ermənistan arasındakı sülh prossində öz mövqeyini bərpa etmək istəyir: "ABŞ-da anladılar ki, Azərbaycanla təzyiq dilində danışmaq faydasızdır. Ona görə də, Azərbaycanla normal münasibətlərinin normallaşdırılmasının zəruriliyini qəbul edilir. Ancaq O'Brayenin səfəri də münasibətlərin normallaşmasına imkan verməyəcək. Çünki ABŞ 907-ci düzəlişi bərpa etməklə konkret olaraq Azərbaycana qarşı sanksiya tətbiq etmiş oldu".
Politoloqun fikrincə, ABŞ-ın Azərbaycan-Ermənistan arasındakı sülh quruculuğu prosesində iştirakı bu ölkənin geosiyasi maraqları ilə bağlıdır:
"ABŞ üçtərəfli bəyannamənin kommunikasiyaların bərpası ilə bağlı müddəasını öz istədiyi kimi icra olunmasını istəyir. Yəni, kommunikasiyalara Rusiyanın nəzarətinə mane olmaq istəyir".
Natiqi Miri bildirir ki, ABŞ Zəngəzur dəhlizi ilə bağlı prosesi öz nəzarəti altına almaq istəyi də bir sıra geopolitik səbəblərlə bağlıdır:
"Zəngəzur dəhlizinin reallaşması Orta Dəhliz layihəsinin bir hissəsi kimi onun gücünün artmasına xidmət edir. Ona görə də qlobal səviyyədə ən effektiv qlobal kommunikasiya sisteminin ABŞ-ın nəzarətindən kənarda qalması bu ölkə üçün qəbuledilməzdir. ABŞ istəyir ki, Orta Dəhliz Çindən deyil Mərkəzi Asiyadan başlasın ki, Çin bu prosesdən kənarda qalsın. ABŞ Çinə belə bir gücə sahib olmağa imkan vermək istəmir. Bu prosesdə digər bir məqam Rusiya və İran amili ilə bağlıdır. ABŞ Azərbaycana təzyiq etməklə Rusiya və İranı Orta dəhlizdən kənarda saxlamaq istəyir. ABŞ Azərbaycandan qlobal güclər arasında seçim etməyi tələb edir".
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen (James O'Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.