BAKI, 6 dekabr — Sputnik. Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar.
Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda bildirib.
Dövlətimizin başçısı qeyd edib:
"Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər".
O bildirib ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik.
"Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər:
"Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.