SƏHİYYƏ

Baş infeksionistdən qızılca vaksini ilə bağlı vacib açıqlamalar

Təyyar Eyvazov bildirib ki, müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. "Peyvənd üçün müraciət edən uşaq son 3 gündə qızılca xəstəsi ilə sıx təmasda olubsa və peyvənd göstərişi varsa, 72 saat ərzində vaksinasiya ola bilər".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
T.Eyvazov bir daha valideynlərə çağırış edib:

"Eyni zamanda, həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə üz tutmaq istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər. Qeyd edim ki, müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdırlar. Usaqlarımız 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Bir sıra səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mütləq peyvəndin 2-ci dozasını almalıdırlar. Bəzi hallarda isə peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar var. Belə halda minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozası vurulmalıdır. Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər".

Təyyar Eyvazov
Baş infeksionist həmçinin qeyd edib ki, qızılca keçirmiş şəxsdə bu infeksiyaya qarşı immunitet formalaşır. Odur ki, təkrar yoluxma demək olar ki, mümkün deyil. Mütəxəssis-ekspert təkrar yoluxmaya nadir hallarda rast gəlindiyini də diqqətə çatdırıb.
Mütəxəssis həmçinin vurğulayıb ki, qızılca zamanı yüksək temperaturu parasetamol dərmanı vasitəsilə salmaq olar.

"Qızılca ağır infeksion xəstəlikdir və bir neçə fəsadlarla ağırlaşa bilər. Bunlar birinci növbədə viral pnevmoniyadır. İkincili bakterial infeksiyanın qoşulmasından da qarışıq viral bakterial pnevmoniya inkişaf edə bilər. Tənəffüs yollarında zədələnmələr, bundan başqa larinqotraxeobronxitlər, bronxolitlər qeydə alına bilər. Həzm traktının zədələnməsi diareya şəkilində özünü göstərir. Bu zaman qastroenteritlərə təsadüf edilir. Bəzi hallarda qaraciyərin iltihabı-hepatit və müsariqə limfa düyünlərinin zədələnməsi, hətta kəskin apendisit inkişaf edə bilər. Uşaqlarda orta qulağın iltihabı daha çox rast gəlinir və bakterial mənşəli olur. Ürək-damar sisteminin zədələnməsi kimi çox az hallarda miokarditlər müşahidə olunur. Sinir sisteminin zədələnməsi nadir də olsa baş verir. Buna ensefalitlər və s. aiddir", - deyə o bildirib.

İnfeksionist qeyd edib ki, qızılca virusunun spesifik müalicəsi yoxdur, amma qoşulmuş ikincili infeksiyalarda, təbii ki, antibakterial terapiyadan istifadə olunaraq bu hallar müalicə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.