HƏRBİ

Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edib - FOTO

Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İran İslam Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. HDQ komandanı belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edib
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Bakıda Azərbaycan və İran HDQ komandanları görüşüb
Xatırladaq ki, dekabrın 5-də Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.