BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Bakıya qarşı iddialarla bağlı ABŞ dövlət katibinin köməkçisindən izahat gözləyir. Bunu "Sputnik Azərbaycan"a Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.
Bundan əvvəl dövlət katibinin köməkçisi Ceyms O'Brayen bildirib ki, Vaşinqton Bakı nümayəndələri ilə ikitərəfli görüşlərdən və yüksək səviyyəli təmaslardan imtina edir və Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla ikitərəfli münasibətlər əvvəlki kimi ola bilməz. Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq ABŞ-dan yüksək səviyyəli səfərləri ləğv edib.
Daha sonra Amerikanın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək münasibətlərin normallaşması üçün O`Brayanın respublikaya daxil olmasına icazə istəyib. Dövlət başçısı buna razılıq verib, lakin bir şərtlə ki, Azərbaycanın yüksək rütbəli nümayəndələrinin ştatlara səfərinə qoyulan əsassız qadağa ləğv edilsin.
"O'Brayenin səfəri ilə bağlı Azərbaycanda heç bir eyforiya yoxdur. Xaricdəki məmurların belə davranışında qeyri-adi heç nə yoxdur. Hər şeyə kobudluq və güc hesabına nail olmaq - bu, Amerikanın adi siyasətidir, amma bizim cəmiyyətimiz buna öyrəşməyib", - deyə Hüseynov fikrini bildirib.
O, qeyd edib ki, amerikalı siyasətçilər ənənəvi olaraq guya demokratik ölkələri dəstəkləyir və avtoritar dövlətlərə qarşı sərt görünürlər.
"Bizim halda amerikalılar erməni cəmiyyətini "demokratik" adlandırıblar. Bu cür addımlar ABŞ-ın daxili auditoriyası ilə ona görə əlaqəlidir ki, Vaşinqtonun "avtoritar" Azərbaycanla mübahisədə "demokratik" Ermənistanı dəstəklədiyi görünsün. Ona görə də amerikalılar Bakı ilə yüksək tonda danışmağa çalışıblar. Hazırda isə onlara hər şeyi düzəltmək lazımdır", - deyə Hüseynov bildirib.
Onun fikrincə, beynəlxalq səviyyədə real siyasət ABŞ-dan Azərbaycanla münasibətləri daha yüksək səviyyədə qurmağı tələb edir.
"Hazırda bunun üçün Ermənistan-Azərbaycan münaqişəsi faktorundan istifadə edərək, O"Brayenin bəyanatları səbəbindən tələb olunmayan vasitəçilik səylərini yenidən təklif etməyə çalışırlar", - deyə tarixçi izah edib.
Hüseynov vurğulayıb ki, Vaşinqtonun vaxtı azdır, çünki qarşıda prezident seçkiləri var və hakimiyyətdə olan demokratlara, sadəcə olaraq əlavə kozır lazımdır.
"Bu tədbirin uğuru dövlət katibinin rüsvay olmuş köməkçisi Ceyms O"Brayenin qoymağa çağırdığı bünövrədən çox asılıdır", - deyə ekspert sözünü yekunlaşdırıb.
Xatırladaq ki, O'Brayen çərşənbə günü Bakıya gələcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.