DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistandakı AES-in bağlanması planı yoxdur - Qrossi

Türkiyə tərəfinin bu yaxınlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə ünvanladığı Ermənistan AES-in bağlanması üçün tədbir görülməsi xahişi ilə məktuba toxunan Qrossi hər kəsi dinlədiklərini və müvafiq cavab verdiklərini qeyd edib.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Ermənistan AES-in bağlanması ilə bağlı plan yoxdur. Bunu Armenpress-ə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
"Ermənistanın atom elektrik stansiyası Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyə və göstərişlərinə əməl edir. Bu, çox vacibdir. AES-də lazımi təmir işləri aparılıb. Beləliklə, biz işləməyə davam edə bilərik. AES-in istismar müddəti bir neçə il uzadılmalıdır və biz bu işlərin həyata keçirilməsindən razıyıq", - deyə Qrossi bildirib.
Türkiyə tərəfinin bu yaxınlarda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə ünvanladığı Ermənistan AES-in bağlanması üçün tədbir görülməsi xahişi ilə məktuba toxunan Qrossi hər kəsi dinlədiklərini və müvafiq cavab verdiklərini qeyd edib.
"Atom Enerjisiüzrə Beynəlxalq Agentlik qlobal təşkilatdır. Ona görə də biz hamını dinləyirik. Bu cür narahatlıqlarla bağlı biz nə etdiyimizi izah edir, hər şeyin düzgün aparıldığına zəmanət veririk. Deyə bilərəm ki, bu, yeganə hal deyil", - Qrossi qeyd edib.
Onun sözlərinə görə, növbəti mühüm hal ondan ibarətdir ki, Ermənistan AEBA ilə ciddi işləməkdə davam edir və atom elektrik stansiyalarının təhlükəsizliyini gücləndirir.
Atom elektrik stansiyası ilə bağlı məsələ yaranarsa, Təşkilat dərhal hökuməti məlumatlandıracaq və problemi həllə etmək üçün hərəkətə ehtiyac olduğunu qeyd edəcək.
"Lakin hazırda dediyim kimi, biz əminik ki, stansiya fəaliyyətini davam etdirə bilər", - Qrossi vurğulayıb.
Xatırladaq ki, 2022-ci il oktyabrın 4-də AEBA-nın baş direktoru Rafael Qrossi Ermənistana səfərindən sonra bildirmişdi ki, agentlik AES-lərdə etibarlı və təhlükəsiz şəkildə aşağı karbonlu enerjinin istehsalına kömək etmək üçün öz yardımını təklif etməyə davam edəcək.
1980-ci ildə işə salınan Ermənistan AES-in hazırkı 2-ci enerji bloku 30 il, yəni nəzəri cəhətdən 2010-cu ilə qədər istismara hesablanıb. Ancaq stansiyanın 6 il (1989-95-ci illərdə) dayandığını nəzərə alaraqq, stansiyanın xidmət müddətini 2016-cı ilə qədər uzatmaq üçün layihə tərtib edilib. 2015-ci ildə Rosatom-un oxşar dizaynlı reaktorların (VVER) istismarını genişləndirmək təcrübəsini nəzərə alaraq AES-in əsaslı təmiri barədə qərar qəbul edilib.
Ermənistan hökumətinin bu il qəbul etdiyi qərarla Ermənistan Atom Elektrik Stansiyasının ömrü ikinci dəfə uzadılacaq. Cari istismar müddəti 2026-cı ildə başa çatdığından, stansiyanın ən azı daha 10 il işləməsini təmin etmək üçün genişləndirmə işləri tamamlanmalıdır.