İQTİSADİYYAT

Əli Əsədov: Gələn il inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılır

Baş nazir bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 11 ayda orta aylıq inflyasiya 9,4% olub, illik inflyasiya isə 2,6% təşkil edib.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Büdcədə neft qiyməti 60 ABŞ dolları müəyyən edilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı büdcə xərclərinə əhəmiyyətli təsir edir:
“2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təmin etmə səviyyəsi 75%-i keçib. Dövlət büdcəsinin xərcləri 2022-ci illə müqayisədə artıb. Dövlət büdcəsinin kəsrinin ÜDM-də payı 2,2% proqnozlaşdırılır. Makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınıb. İqtisadi artımın proqnozlaşdırılan artım tempi 2,2% nəzərdə tutulub. Müsbət makroiqtisadi göstəricilərdən biri də inflyasiya tempinin azalmasıdır. Hökumətin antiinfilyasiya tədbirləri, qlobal ərzaq bazarlarında qiymətlərin enməsi və digər tədbirlər inflyasiyaya azaldıcı təsirlər göstərir. Gələn il inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 11 ayda orta aylıq inflyasiya 9,4% olub, illik inflyasiya isə 2,6% təşkil edib. İnflyasiyanın iqtisadi artım üçün məqbul səviyyənin təmin edilməsi, habelə fiskal və monitar siyasətinin təmin edilməsi üçün zəruri tədbirlər davam etdiriləcək”.