BAKI, 5 dekabr — Sputnik. BMT Baş Assambleyası plenar iclas keçirərək, Rusiyanın təklif etdiyi kosmosda silahların yerləşdirilməməsinə dair qətnamə layihəsini qəbul edib.
Bunu "RİA Novosti" xəbər verib.
Sənədin həmmüəllifləri arasında Belarus, Çin, Şimali Koreya, Kuba və Misir var.
Təşəbbüsün lehinə 127, əleyhinə 51 ölkə səs verib. 6 ölkənin nümayəndəsi isə səsvermədə bitərəf qalıb.
Qətnamə bütün ölkələri, xüsusən də kosmik imkanlara malik olan ölkələri kosmosda silah yerləşdirən ilk ölkə olmamaq barədə öhdəlik götürməyə çağırır.
Dövlətlər, həmçinin 2008-ci ildə Rusiya Federasiyası və Çin tərəfindən hazırlanmış layihə əsasında kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair müqavilə layihəsi üzərində mümkün qədər tez işə başlamağa dəvət olunurlar.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəis müavini Konstantin Vorontsov kosmosun hərbi əməliyyatlar üçün tramplinə çevrilməsi riski ilə bağlı fikir bildirib.