BAKI, 5 dekabr - Sputnik. Artıq bir müddətdir Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirələri çox fəal şəkildə aparılır. Cəmiyyəti narahat edən məsələləri deputatlar müzakirələrdə qaldırıb və bunlar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişaf və tərəqqiyə nail olub. Cari ildə biz İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Ötən 20 il ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, müasir ordumuz yaradılıb. Təbii ki, əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqların azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da keçirilən 1 günlük antiterror tədbirləri ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilib.
Baş nazir bildirib ki, büdcənin əsas konfiqurasiyası əsas çağırışlar nəzərə alınaraq hazırlanıb: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üçün tədbirlərin davam etdirilməsi, əhalinin sosial müdafiəsi və sosial təminatı, milli təhlükəsizliyimizin və ordumuzun gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi bu sıradadır”.
Əli Əsədov qeyd edib ki, postpandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır: “Hazırkı reallıqlar, problem və çətinliklər, habelə ən aktual qlobal çağırışlar büdcədə nəzərə alınıb. İnflyasiya tempi azalıb, tədiyyə balansında profisit olub. Strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir”.