TƏHSİL

Orta məktəb dərsliklərini repetitorsuz anlamaq mümkün deyil - ekspertlərdən etiraz

Fəxrəddin Yusifovun fikrincə, bir müəllifin bir neçə dərslik yazması dərsliklərin keyfiyyətinə mənfi təsir edir.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. "Dərsliklərdə özünü doğrultmayan məzmunlar dəyişməlidir. Metodik vəsaitlərdə nəzərdə tutulan işlərin dərsliklərdə tətbiq olunması düzgün deyil".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun dərsliklərin məzmunu ilə bağlı səsləndirdiyi fikrə münasibətində söyləyib.
Dərsliklərdə nələr dəyişməlidir?
E.Bağırov bildirib ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır. Bu, hansısa fənlərin dəyişdirilməsi yolu ilə edilir:
"Bu, əsasən şagirdlərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində həyata keçirilir. Lakin dərs yükünün çox olması ilə bağlı məsələyə baxmağa ehtiyac yoxdur".
Eşqi Bağırov
F.Yusifovun fikrincə, dərsliklərdə bir sıra nöqsanlar var ki, onlar dərsliklər yenidən çap olunanda nəzərə alınmalıdır:
"Dərsliklərdə əsərlərin ixtisarla verilməsi səhvdir. Əslində dərsliklərdə sual və tapşırıqlar olmalıdır. Bu gün dərsliklərimizdə yarım səhifəlik şeiri də ixtisarla verirlər ki, metodik vəsaitləri dərsliyə gətirsinlər. Dərsliklərdəki metodik tövsiyələr çıxarılmalıdır. Elə başlıqlar var ki, onlara yenidən baxılmalıdır. Milli-mənəvi dəyərlər adı altında dərsliklərə elə əsərlər salınır ki, dəyərlərimizlə qəti əlaqəsi yoxdur".
F.Yusifov bildirir ki, bir müəllif, bir dərslik prinsipi tətbiq olunmalıdır. Bir müəllifin bir neçə dərslik yazması dərsliklərin keyfiyyətinə mənfi təsir edir:
"Bu gün bir müəllim bir neçə sinfin dərsliyini tərtib edir. Buna görə də dərsliklərdən heç nə başa düşmək olmur. Bir müəllifin təkrar dərslik yazmasının qarşısı alınmalıdır".
Dərsliklərin lazımsız informasiya yükü çoxdur
Təhsil üzrə ekseprt Kamran Əsədov da hesab edir ki, Azərbaycanda ümumtəhsil müəssisələri üçün çap olunmuş dərsliklərin məzmununa yenidən baxılması olduqca vacibdir. Onun qənaətinə görə, hazırki dərsliklər repetitor fəaliyyətinə rəvac verir. Dərsliklər akademik bilikləri özündə əks etdirir və informasiya yükü həddindən çoxdur.
"Dərsliklər şagirdlərin yaş xüsusiyyətinə və psixi inkişafına uyğun deyil. Kurikulumun məzmun və alt standartları bizim dərsliklərdə tam reallaşmır. Dərslik müəllifləri informasiya yükünü hədsiz çoxaldırlar, hansı ki, onları bilmək şagirdlərə lazım deyil. Ona görə də dərsliklərin məzmununa yenidən baxılmalıdır. Dərslikləri yoxlayan ekspertlər müəlliflərdən daha savadlı olmalıdır. Bu gün bunun əksi müşahidə olunur. Dərsliklərin öyrədicilik qabiliyyəti çox aşağıdır. Bu da ciddi bir qüsurdur. Əgər bu siyasət dəyişməsə, şagirdlər kitablardan uzaqlaşacaqlar. Dərsliklərin dilinin sadələşdirilməsinə ehtiyac var. Dərslikləri yazanlar mütəxəssis olmalıdır. Bəzən orta məktəb proqramını bilməyənlər dərslik yazır ki, bunun da əzabını şagirdlər çəkir".
Ekspert əlavə edib ki, ali məktəbdə veriləcək informasiyalar və biliklər orta məktəb dərsliklərinə salınmamalıdır.