NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşmaqda davam edir - Nə baş verir?

İnvestorların "OPEC plyus"un hasilatı daha çox azaldacağına şübhə ilə yanaşması və qlobal istehsalın ləng olması ilə bağlı narahatlıqlar neft qiymətlərini keçən həftə 2%-dən çox ucuzlaşdırıb.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Ucuzlaşmanın səbəbi bazarda qeyri-müəyyənliyin olmasıdır. Belə ki, hasilatın azaldılması və tələb ilə bağlı qeyri-müəyyənlik var.
"Brent" nefti 0,6% və ya 49 sent ucuzlaşaraq 78,39 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,6% və ya 42 sent azalaraq 73,65 dollar olub.
Qeyd edək ki, investorların "OPEC plyus"un hasilatı daha çox azaldacağına şübhə ilə yanaşması və qlobal istehsalın ləng olması ilə bağlı narahatlıqlar neft qiymətlərini keçən həftə 2%-dən çox ucuzlaşdırıb.
Səudiyyə Ərəbistanı, Rusiya və digər "OPEC plyus" üzvləri hasilatın könüllü olaraq 900 min barel azaldılmasına əlavə olaraq sutkada 1,3 milyon barel azaldılmasını razılaşdırıb. Daha əvvəl gündəlik hasilatın 2 milyon barel azaldılması müzakirə edilmişdi.
Ekspertlərin fikrincə, Yaxın Şərqdə gərginliyin yenidən artması neft qiymətlərinin qalxmasına təsir göstərir. Lakin Çində iqtisadi bərpanın ləngiməsi və ABŞ-də neft hasilatının artması səbəbindən neft qiymətləri hələlik təzyiq altında qalmaqda davam edə bilər.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,02 dollar artaraq 85,59 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Azərbaycan "OPEC plyus"un iclasında təmsil olunub
Əlavə edək ki, Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
"OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.