BAKI, 2 dekabr - Sputnik. “Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”.
Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.
Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”.
Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.
L.Qalimova əlavə edib ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yoluxurlar: “Yüksək risk qrupuna 5 yaşdan aşağı olan immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb. Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir.
Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.