BAKI, 1 dekabr — Sputnik. Elm və Təhsil Nazirliyi respublikada qızılcaya görə hansı məktəblərin distant təhsilə keçdiyini açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub.
"Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Qeyd edək ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir", - deyə nazirliyini cavabında bildirilir.
Daha sonra qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Qızılcalı uşaq, arxiv
© iStock.com / Bilanol
"Onu da qeyd edək ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - deyə cavabda bildirilib.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.