İQTİSADİYYAT

Büdcə layihəsində bəzi korrektələrə ehtiyac yaranıb - Nazir

İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək,-deyə nazir qeyd edib.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. "Azərbaycanda yeni yaradılan rayonla əlaqədar 2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi korrektələrə ehtiyac yaranıb".
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

"İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək", - deyə o qeyd edib.

Nazir onu da bildirib ki, bundan başqa, meliorasiyaya ayrılan vəsait 7,3 milyon manat azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək:
"Bununla yanaşı, cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakının yerli xərclərinin 2,3 milyon, Laçının yerli xərclərinin isə 100 min manat artırılması nəzərə alınacaq".
Xatırladaq ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-ci ilin dövlət büdcəsi gəlirlərindən 282.5 milyon manat çox olaraq, 34,1 milyard manat nəzərdə tutulub.
2024-cü il dövlət büdcəsi xərclərinin 2023-cü ilə nisbətən 138.2 milyon manat artırılaraq, 36,7 milyard manat olması gözlənilir.
Əlavə edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında""Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.
Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.
Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.