BAKI, 1 dekabr — Sputnik. "Ermənistanın sərhəd komissiyalarının görüş ilə bağlı təklfinin arxasında ABŞ-ın bölgə ilə bağlı maraqları dayanır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Qeyd edək ki, noyabrın 30-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Politoloqun sözlərinə görə, Ermənistan Parlamentinin spikerinin 15 gün sonra Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi açıqlaması, ABŞ və Ermənistanın Azərbaycanla sülh müqaviləsinin tüzliklə imzalanmasında maraqlı olduğunu göstərir:
"Bu maraq əlbəttə regional təhlükəsizlik problemlərinə münasibətdə ABŞ-ın maraqlarının təmin edilməsinə görədir. Azərbaycan regionun təhlükəsizlik problemləri ilə bağlı məsələlərin "3+2" formatında həllində maraqlıdır. Bu isə region dövlətlərinin iştirakı ilə regional problemlərinin həllini özündə ehtiva edən bir layihədir. Bu layihə ABŞ-ın və Qərbin regiona müdaxiləsini yolverilməz edir".
Politoloq qeyd edir ki, digər bir məsələ isə dəhlizlərlə bağlıdır
"ABŞ Orta Dəhlizi Çin və Rusiyanın üzərinə bağlamaq istəyir. Əslində ABŞ-ın təzyiqi ilə Zəngəzur dəhlizi məsələsində Ermənistanın ikili mövqe sərgiləməsi məhz bundan irəli gəlirdi. Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələsi prioritet məsələlər sırasındadır. Ermənistan güzəştlər məsələsini gündəmə gətirir. Xüsusən də Qarabağı köünllü tərk etmiş ermənilərin geri qaytarılması məsələsi ABŞ və Aİ-nin təzyiqi ilə ortaya atılıb. Halbuki Ermənistandan qaçqın düşmüş həmvətənlərimizlə bağlı Ermənistan hakimiyyəti hər hansı bir mövqe ortaya qoymur".
"Düşünürəm ki, danışıqlarda Ermənistan və ABŞ-ın maraqlarını təmsil edən şərtləri Azərbaycan qəbul etməyəcək. Çünki Azərbaycan ABŞ-ın dəhlizlərlə, kəmərlərlə bağlı mövqeyini dəstəkləmir. Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verən 150 ölkədən biridir. Bu mənada Rusiyanın bölgədən uzaqlaşdırılmasının əleyhinədir. Halbuki ABŞ Ermənistan vasitəsilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir. ABŞ-ın mövqeyi ondan ibarətdir ki, kommunikasiyalara Ermənistan sərhədçiləri nəzarət etməlidirlər. Nə Türkiyə, nə də Azərbaycan bu təkliflə razılaşmayacaqlar. Azərbaycan otuz il mübarizə aparmayıb ki, onu Naxçıvanla birləşdirəcək dəhlizə Ermənistan nəzarət etsin" - politoloq fikirlərini yekunlaşdırıb.