BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın F-16 çoxməqsədli yüngül qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə (USQ) tədarükü döyüş meydanındakı vəziyyəti kökündən dəyişməyəcək.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı zamanı deyib.
"F-16 qırıcılarının tədarükü döyüş meydanındakı vəziyyəti əsaslı şəkildə dəyişdirəcək gümüş güllə deyil", - deyə siyasətçi bildirib.
Alyansın baş katibi Ukraynanın F-16 qırıcılarını nə vaxt alacağını dəqiqləşdirməyib. Stoltenberq qeyd edib ki, hər şey ukraynalı pilotların hazırlığından asılı olacaq.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin müttəfiqləri 60-a yaxın F-16 qırıcısını verəcəyinə söz veriblər. Ukrayna Silahlı Qüvvələri tədarükün böyük hissəsini Hollandiyadan almağı planlaşdırırdı.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, USQ onlara vəd edilən bütün qırıcıları alsa belə, Rusiyanın hava hücumundan müdafiə sisteminin effektivliyinə görə Kiyevə onlar ən yaxşı halda 20 gün ərzində kifayət edəcək.